Babək rayonunda yeni əmək fəaliyyətinə başlayan 269 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim olunmuşdur

PDF faylını alÇapE-poçt

Muxtar respublika rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində  Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmış, sosial sığorta sisteminin sürətli inkişafına zəmin yaradılmışdır. Muxtar respublikada beynəlxalq standartlara uyğun şəkildə qurulmuş  müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemi görülən tədbirlər nəticəsində daha da genişlənmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işləri həyata keçirmişdir. Belə ki, 05 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən Babək rayonunun Sirab kəndində yerləşən “Sirab” ASC-nin akt zalında Babək rayonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbiri Babək rayon İcra Hakimiyyətinin Sirab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi  Qasım Fərzəlisoy açaraq tədbirin əhəmiyyətindən danışmışdır.

Tədbirdə Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək qeyd etmişdir ki, istər məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasında proqnoz tapşırıqlara əməl edilməsində, istər əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə müavinətlərin vaxtında əhaliyə çatdırılmasında, istərsə də rayonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin edilməsində və sığortaolunanların fərdi uçotunun aparılmasında şöbə tərəfindən bütün işlər mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada həyata keçirilir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Tədbirdə həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların  maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Naxçıvan  Muxtar Respublikasının  Elektron  Hökumət  Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Tədbirdə Fondun Babək rayon şöbəsi tərəfindən “Sirab”ASC-də yeni əmək fəaliyyətinə başlayan 7 nəfər sığortaolunan və Sirab kəndində yaşayan 4 nəfər mülkiyyətində kənd təsərrüfatına yaralı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişlər.

Məlumat üçün bildirilir ki, ümumilikdə Babək rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 269 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Bunlardan 96 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 121 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar, 4 sığortaolunan torpaq mülkiyyətçisi, 48 nəfər isə  fiziki şəxslər olmuşdur. Nəticədə rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 26126 nəfərə çatmışdır.

Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat xidməti

Joomla 1.5