Kəngərlidə 38 nəfərə sosial sığorta şəhadətnaməsi verilib

PDF faylını alÇapE-poçt

Muxtar Respublika rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində  Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmış, sosial sığorta sisteminin sürətli inkişafına zəmin yaradılmışdır. Muxtar respublikada beynəlxalq standartlara uyğun şəkildə qurulmuş  müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemi görülən tədbirlər nəticəsində daha da genişlənmişdir.Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işləri həyata keçirmişdir. Belə ki, 08 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən Kəngərli rayon İcra Hakimiyyətinin Qıvraq qəsəbəsi üzrı İcra Nümayəndəliyinin akt zalında Kəngərli rayonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbiri Kəngərli rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ağa Seyidov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Fondun Kəngərli rayon şöbəsinin müdiri Aqşin Əliyev çıxış edərək qeyd etmişdir ki, istər məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasında proqnoz tapşırıqlara əməl edilməsində, istər əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə müavinətlərin vaxtında əhaliyə çatdırılmasında, istərsə də rayonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin edilməsində və sığortaolunanların fərdi uçotunun aparılmasında şöbə tərəfindən bütün işlər mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada həyata keçirilir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.
Tədbirdə həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların  maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Naxçıvan  Muxtar Respublikasının  Elektron  Hökumət  Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
Tədbirdə Kəngərli rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 38 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Bunlardan 11 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 27 sığortaolunan  isə  fiziki şəxslər olmuşdur. Nəticədə rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 9259 nəfərə çatmışdır.
T0ədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.


Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti
Naxçıvan Muxtar Respublikası

Joomla 1.5