Sosial sığorta haqlarını onlayn və poçt bölmələri vasitəsilə ödəmək mümkündür

PDF faylını alÇapE-poçt

Muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində müasir üsullar geniş şəkildə tətbiq olunur. Belə üsullardan biri də “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidmətinin tətbiqidir. Bu xidmət sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırır. Bunun üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsində (www.dsmf.nakhchivan.az) təqdim olunan elektron xidmətlər bölməsindən “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” xidmətini seçmək və məcburi dövlət sosial sığorta haqlarının ödənişini  həyata keçirmək kifayətdir. Ödəyicilər məcburi dövlət sosial sığorta haqlarını həmçinin banklarda nağd qaydada onlayn ödəmə imkanına da malikdirlər. Qeyd etmək lazımdır ki, 2018-ci ilin 9 ayı ərzində Naxçıvan şəhəri üzrə 1255, Şərur rayonu üzrə 193, Babək rayonu üzrə 350, Ordubad rayonu üzrə 217, Culfa rayonu üzrə 296, Şahbuz rayonu üzrə 109, Kəngərli rayonu üzrə 35, Sədərək rayonu üzrə 43, ümumilikdə isə 2498 nəfər məcburi dövlət sosial sığorta haqqını onlayn qaydada ödəyib.
Məcburi dövlət sosial sığorta haqlarını həmçinin  poçt şöbələrindən də ödəmək mümkündür. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə poçt şöbələri arasında bağlanmış müqavilələrə əsasən 2014-cü ilin noyabr ayından bu proses həyata keçirilir.
Bununla da mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kəndlərdəki poçt şöbələrindən məcburi dövlət sosial sığorta haqlarını ödəyə bilərlər.
2018-ci ilin 9 ayı ərzində Naxçıvan şəhəri üzrə 69, Şərur rayonu üzrə 753, Babək rayonu üzrə 1492, Ordubad rayonu üzrə 365, Culfa rayonu üzrə 512, Şahbuz rayonu üzrə 934, Kəngərli rayonu üzrə 320, Sədərək rayonu üzrə 441, ümumilikdə 4886 nəfər məcburi sosial sığorta haqqını rayon poçt şöbələri vasitəsilə ödəyib.
Qeyd edək ki, məcburi dövlət sosial sığortası sığortaolunanların bu günü və gələcəyi üçün təminatdır. Artıq bütün sığortaolunanlar fərdi uçot sistemində qeydiyyata durur və onlar üçün hesab açılır. İşəgötürən də, işçi də sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəsə, həmin hesabda daha çox məbləğ toplanacaq və sığortaolunan sosial sığorta hadisəsi ilə üzləşdikdə onun qazandığı sığorta stajı və fərdi hesabına toplanan məbləğdən qanunvericiliyin tələblərinə uyğun formada bəhrələnə biləcəkdir. Fərdi hesabda toplanmış məbləğlər hər il indeksləşmə göstəricilərinə uyğun indeksləşdirilir ki, bu da gələcəkdə daha böyük məbləğ şəklində həmin insanın sosial təminatında mühüm rol oynayacaqdır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5