“Məcburi dövlət sosial sığorta haqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur” mövzusunda tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan şəhər şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının iclas zalında keçirilmişdir. Tədbiri Naxçıvan şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri İsmayıl Gülməmmədov açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir.
Tədbirdə Fondun Naxçıvan şəhər şöbəsinin müdiri Vüsal Məmmədzadə qeyd etmişdir ki, vətəndaşlara təyin olunan pensiyanın
miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının

məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmadan işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Həmçinin bildirilmişdir ki, sığortaolunanlara pensiya təminatı hüququ verən sığorta stajıdır. Sığorta stajı sığortaolunanın Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödədikləri fəaliyyət dövrlərinin məcmusundan ibarətdir. Bu göstərici əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan əsas göstəricidir. Əgər sığorta stajı pensiya təyinatına hüquq yaradırsa onda sığortaolunana pensiya təyinatı aparılır. Sığortaolunanın pensiyasının məbləği isə birbaşa onun əmək fəaliyyəti

dövründə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məcmusundan asılıdır. Bu isə pensiya kapitalı adlanır.  Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Əgər sığortaolunanın fərdi şəxsi hesabında toplanan pensiya kapitalı çox olarsa onda onun əmək pensiyasının məbləği də çox olacaqdır. Əks halda həmin şəxsin pensiyasının məbləği aşağı olacaqdır.

Tədbirdə Fondun Naxçıvan şəhər şöbəsinin Gəlirlər sektorunun müdiri Asim Cəfərov sığorta-pensiya sisteminin xüsusiyyətlərindən, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyəti ilə bağlı məsələlər barədə tədbir iştirakçılarına  geniş məlumat vermişdir. Bildirmişdir ki, məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm Fondun internet səhifəsində onlayn ödəmə bölməsinə daxil olmaqla plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödəniş yolu ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilərlər.
Fondun Naxçıvan şəhər şöbəsinin Pensiyaların təyinatı sektorunun müdiri Mənsur Mahmudov isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası

Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, əmək pensiyasının növləri, sosial sığorta stajının müəyyən olunması, pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodların tətbiqi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Tədbirdə tədbirin mövzusu ilə əlaqədar slayt göstərilmiş və sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Aparatının rəhbəri Azər Cəfərov çıxış edərək “Məcburi dövlət sosial sığorta haqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur” mövzusunda maarifləndirici tədbirə görə tədbir iştirakçılarına təşəkkür etmiş və bildirmişdir ki, Cahan Holdinqdə yeni əmək fəaliyyətinə başlayan  bir
sığortaolunan ilə əmək müqaviləsinin bağlanılması, qanunvericiliklə müəyyən olunmuş məbləğlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və onların fərdi uçotunun təşkili ilə əlaqədar tələb olunan hesabat və məlumatların Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması hər zaman diqqətdə saxlanılır.
Sonda işə yeni başlayan bir neçə sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir.

Naxçıvan   Muxtar  Respublikası
Dövlət Sosial  Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5