“Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir” mövzusunda tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə Ordubad rayonu Əylis kəndində keçirilib. Tədbiri Ordubad rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Etibar İsmayılov açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir.
Tədbirdə Fondun Ordubad rayon şöbəsinin müdiri Bayram Yusifov qeyd etmişdir ki, rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasınında, fərdi uçot sistemində uçota alınan sığortaolunanlar haqqında məlumatların sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsində şöbə tərəfindən bütün işlər mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada həyata keçirilir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.
Tədbirdə Fondun Ordubad rayon şöbəsinin Fərdi uçot sektorunun müdiri Mətanət Məmmədova fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların  maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Naxçıvan  Muxtar Respublikasının  Elektron  Hökumət  Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
Fondun Ordubad rayon şöbəsinin Pensiyaların təyinatı sektorunun müdiri Feyzulla Əkbərov isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodların tətbiqi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Məlumat üçün bildirilir ki, 2018-ci ilin ötən dövrü ərzində  Ordubad rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 196 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Nəticədə rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 14110 nəfərə çatmışdır.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan   Muxtar  Respublikası
Dövlət Sosial  Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5