“Sosial sığorta şəhadətnaməsi sığortaolunanın Dövlət Sosial Müdafiə Fondu orqanlarında qeydiyyatda olduğunu təsdiqləyən sənəddir” mövzusunda tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə Qazançı kənd İcra Nümayəndəliyinin iclas zalında maarifləndirici tədbir keçirilib. Tədbiri Culfa rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zahir Xudiyev açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir.
Tədbirdə Fondun Culfa rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramin Həsənquliyev qeyd etmişdir ki, şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını qanunvericiliyə uyğun həyata keçirmişdir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, sosial sığorta şəhadətnaməsi sığortaolunanın Dövlət Sosial Müdafiə Fondu orqanlarında qeydiyyatda olduğunu təsdiqləyən sənəddir. Sığortaolunan aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Məcburi dövlət sosial sığorta haqlarından yayınan şəxslər gələcəkdə əmək pensiyası hüququndan və digər sığorta hadisələri zamanı sığor­ta ödəmələrindən məhrum olunmuş olacaq. Məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.
Tədbirdə Fondun Culfa rayon şöbəsinin Fərdi uçot sektorunun müdiri Qulam Novruzov fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların  maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Naxçıvan  Muxtar Respublikasının  Elektron  Hökumət  Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması”  elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
Fondun Culfa rayon şöbəsinin Maliyyə-uçot sektorunun müdiri Samir İbrahimov isə sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyəti ilə bağlı məsələlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bildirmişdir ki, sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları şöbə tərəfindən həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirməklə yanaşı, onlara sosial sığorta ödəmələrindən yararlanmaq hüququ yaratmış olur.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan   Muxtar  Respublikası
Dövlət Sosial  Müdafiə Fondunun
mətbuat xidməti

Joomla 1.5