Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi davam etdirilir

PDF faylını alÇapE-poçt

Muxtar respublikada pensiya ödənişinin həyata keçirilməsində müasir üsulların tətbiqi daim diqqət mərkəzində saxlanılır. Bu gün pensiyaçılar öz pensiyalarını plastik kartlarla yanaşı, yerli poçt bölmələri vasitəsilə də əldə etmək imkanına malikdirlər. Bununla da pensiyaların əhaliyə çatdırılmasında mövcud olan bir çox problemlər aradan qaldırılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi də rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər görür. Rayonda pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi ilə yanaşı, yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də yüksək səviyyədə təşkil edilmişdir.
Belə ki, rayonun kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün Fondun Şərur rayon şöbəsi ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şərur rayon filialı arasında müqavilə imzalanmışdır. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını vaxt itirmədən və əlavə vəsait xərcləyib rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Şərur rayonu üzrə 1 mərkəzi poçt şöbəsi və 46 poçt bölməsi ilə əhaliyə xidmət göstərir. Görülən tədbirlər nəticəsində rayonda 1 yanvar 2019-cu il tarixə 85 pensiyaçı əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən alır. Rayonun kəndlərində yaşayan pensiyaçılar istədikləri halda Fondun Şərur rayon şöbəsinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon ərazisində yerləşən yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.
Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi bundan sonra da pensiyaçılara pensiyaların ödənişində mütərəqqi  ödəniş metodların tətbiqini davam etdirərək, pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün  müvafiq  tədbirlər həyata keçirəcəkdir.

 

Naxçıvan Muxtar Respubilkası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5