Muxtar respublikada pensiyaçılara qayğı yüksək səviyyədədir

PDF faylını alÇapE-poçt

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam edirilməsi iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinmikanın qorunub saxlanılmasına imkan yaratmışdır.  Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin də əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur.
Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə minimum əməkhaqqı və pensiyaların son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilmişdir. Belə ki,  martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının artırılaraq  180 manat müəyyən edilməsi, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı ilə sosial müavinətlərin həcminin artırılması, əhalinin həssas qrupları üçün Azərbaycan Respublikası Prezidentinin yeni təqaüdlərinin təsis edilməsi isə sosial qayğıya daha çox ehtiyac duyan aztəminatlı ailələrə göstərilən yüksək diqqət və qayğının daha bir təzahürüdür.
Sosial müdafiə sistemində həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar, qəbul olunmuş müxtəlif dövlət proqramlarının müvəffəqiyyətli icrası muxtar respublikanın iqtisadi qüdrətini artırmaqla yanaşı, sosial müdafiə sahəsi üzrə də davamlı inkişafı təmin etmişdir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan öhdəliklərin də yüksək səviyyədə icrasına zəmin yaratmışdır. Belə ki, Fond pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı işlərinin icrasını tam təmin edir.
Yaradılmış şərait pensiya və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamların muxtar respublikamızda operativ qaydada yerinə yetirilməsi üçün geniş imkanlar açır. Məhz bunun nəticəsidir ki, cənab İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar muxtar respublika üzrə 48900 nəfərə yaxın pensiyaçının əmək pensiyasının sığorta hissəsi cari il yanvar ayının 1-dən etibarən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 3 faiz artırılmaqla ödənişi vaxtında başa çatdırılmışdır. Bundan başqa əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədar muxtar respublikada ümumilikdə 11330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılmışdır.
Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub.
Fond hər ay olduğu kimi aprel ayında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüşdür. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmiş, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilmişdir.
Göründüyü kimi ölkəmizdə, elecə də muxtar respublikamızda pensiyaçıların rahatlığının təmin olunması, rifah halının yaxşılaşdırılması tədbirləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.


Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

Joomla 1.5