Şahbuz rayonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Fondun Şahbuz rayon şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə Şahbuz şəhər İcra Nümayəndəliyinin akt zalında keçirilib. Tədbiri Şahbuz rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Məhəmməd Bayramov açaraq tədbirin əhəmiyyəti barədə geniş  məlumat vermişdir.
Tədbirdə Fondun Şahbuz rayon şöbəsinin müdiri Zamin Qurbanov çıxış edərək bildirmişdir ki, şöbə tərəfindən rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını daim diqqətdə saxlanılır. Zamin Qurbanov qeyd etmişdir ki, işləyən hər bir vətəndaş fərdi uçot sistemində qeydiyyata alınaraq, onlara uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır. Bununla da istənilən sığortaolunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir.
Tədbirdə Şahbuz rayon Vergilər şöbəsinin rəisi Nazim Rüstəmov çıxış edərək məcburi dövlət sosial sığorta barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Qeyd etmişdir ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, sığortaedən və sığortaolunanlar müəyyənləşdirilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.
Tədbirdə Fondun Şahbuz rayon şöbəsinin Sosial sığorta sektorunun müdiri Ələddin Hüseynov fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, sığortaedənlər Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun  (www.dsmf.nakhchivan.az)  internet səhifəsinə daxil olmaqla “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər.
Tədbirdə Fondun Şahbuz rayon şöbəsi tərəfindən yeni əmək fəaliyyətinə başlayan bir neçə sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir.
Məlumat üçün bildirilir ki, ümumilikdə Şahbuz rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 82 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir. Bunlardan 61 nəfər müəssisə və təşkilatlarda çalışanlar, 21 nəfər isə  fiziki şəxslər olmuşdur. Nəticədə rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 8726 nəfərə çatmışdır.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti


Joomla 1.5