Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Muxtar respublikada pensiya ödənişinin həyata keçirilməsində müasir üsulların tətbiqi daim diqqət mərkəzində saxlanılır. Bu gün pensiyaçılar öz pensiyalarını plastik kartlarla yanaşı, yerli poçt bölmələri vasitəsilə də əldə etmək imkanına malikdirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi də pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Görülmüş işlərin ictimaiyyətə çatdırılması məqsədilə şöbə tərəfindən Yuxarı Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt zalında pensiyaların poşt bölmələri vasitəsilə ödənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxış edərək qeyd etmişdir ki, rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılmışdır. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını vaxtlarına və vəsaitlərinə qənaət edərək, rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. Görülən tədbirlər nəticəsində rayonda hazırda 105 pensiyaçı əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən alır. Həmçinin bildirmişdir ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinə  və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şərur rayonunda yerləşən yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şərur rayon filialının rəisi Rasim Məmmədov çıxış edərək bildirmişdir ki, rayonun kəndlərində həyata keçirilən tikinti quruculuq işləri bu kəndlərdə əmək pensiyalarının poçt bölmələri vasitəsilə verilməsinə əlverişli şərait yaradıb. Rayonun kəndlərində kənd mərkəzlərinin nəzdində müasir tələblərə uyğun fəaliyyət göstərən poçt bölmələri vasitəsilə pensiya ödənişinin həyata keçirilməsi yaşlı pensiyaçıların işini xeyli asanlaşdırıb. Qeyd etmişdir ki, hazırda rayonda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 mərkəzi poçt şöbəsi və 45 poçt bölməsi əhaliyə xidmət göstərir.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan   Muxtar  Respublikası Dövlət
Sosial  Müdafiə Fondunun Mətbuat Xidməti

Joomla 1.5