Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Muxtar respublikada pensiya ödənişinin həyata keçirilməsində müasir üsulların tədbiqi daim diqqət mərkəzində saxlanılır. Bu gün pensiyaçılar öz pensiyalarını plastik kartlarla yanaşı, yerli poçt bölmələri vasitəsilə də əldə etmək imkanına malikdirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi də pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Görülmüş işlərin ictimaiyyətə çatdırılması məqsədilə şöbə tərəfindən Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt zalında pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fondun Culfa rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramil Həsənquliyev çıxış edərək qeyd etmişdir ki, rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılmışdır. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarının vaxtlarına və vəsaitlərinə qənaət edərək, rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. Görülən tədbirlər nəticəsidə rayonda hazırda 80 pensiyaçı əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən alır. Həmçinin bildirmişdir ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonrada istədikləri  halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinə və “Naxçıvanpoçt” Məhdud Məhsuliyyətli Cəmiyyətinin Culfa rayonunda yerləşən yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.
Sonra “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa rayon filialının rəisi Sərxan Ələkbərov çıxış edərək bildirmişdir ki, rayonun kəndlərində həyata keçirilən tikinti quruculuq işləri bu kəndlərdə əmək pensiyalarının poçt bölmələri vasitəsilə verilməsinə əlverişli şərait yaradıb. Rayonun kəndlərində kənd mərkəzlərinin nəzdində müasir tələblərə uyğun fəaliyyət göstərən poçt bölmələri vasitəsilə pensiya ödənişinin həyata keçirilməsi yaşlı pensiyaçıların işini xeyli asanlaşdırıb. Qeyd etmişdir ki, hazırda rayonda “Naxçıvanpoçt” Məhdud Məhsuliyyətli Cəmiyyətinin 1 mərkəzi poçt şöbəsi və 20 poçt bölməsi əhaliyə xidmət göstərir.
Daha sonra tədbirdə Culfa rayon Vergilər Şöbəsinin əməkdaşı Nadir Əsgərov  çıxış edərək “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası
Dövlət  Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5