“Sosial sığorta şəhadətnaməsi sığortaolunanın Dövlət Sosial Müdafiə Fondu orqanlarında qeydiyyatda olduğunu təsdiqləyən sənəddir” mövzusunda tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən Şərur Rayon İcra Hakimiyyətinin iclas zalında “Sosial sığorta şəhadətnaməsi sığortaolunanın Dövlət Sosial Müdafiə Fondu orqanlarında qeydiyyatda olduğunu təsdiqləyən sənəddir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Miryasin Seyidov açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir.
Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxış edərək qeyd etmişdir ki, şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işlərini qanunvericiliyə uyğun həyata keçirir. Bildirmişdir ki, cari ilin ötən dövrü ərzində şöbə tərəfindən 378 nəfərə sosial sığorta şəhadətnaməsi verilmişdir. Hal-hazirda isə rayonda fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 44536 nəfərdir.
Tədbirdə Şərur Rayon Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Telman Seyidov çıxış edərək məcburi dövlət sosial sığortasının əhəmiyyətindən bəhs etmişdir. Qeyd etmişdir ki, ümumiyyətlə bütün sığortaolunanlar məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə maraqlı olmalıdır. Çünki, gələcəkdə əmək pensiyası hüququnun yaranması, eləcə də məcburi dövlət sosial sığortası üzrə ödəmələrdən yararlanmaq üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi əsas şərtdir. Məcburi dövlət sosial sığorta haqlarından yayınan şəxslər isə gələcəkdə əmək pensiyası hüququndan və sığor­ta ödəmələrindən məhrum olunmuş olacaq.
Sonra Fondun Şərur rayon şöbəsinin Sosial sığorta sektorunun müdiri Fuad Yusifov fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqları Fondda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənilir və gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirməklə yanaşı, onlara sosial sığorta ödəmələrindən yararlanmaq hüququ yaratmış olur.
Tədbirin sonunda şöbə tərəfindən yeni əmək fəaliyyətinə başlayan sığortaolunlara sosial sığorta şəhadətnaməsi təqdim edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan   Muxtar  Respublikası
Dövlət Sosial  Müdafiə Fondunun
mətbuat xidməti

Joomla 1.5