“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu

PDF faylını alÇapE-poçt

Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edir. [1]

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Fərdi uçot anlayışı

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Maddə 2. Fərdi uçotun məqsədləri

2.0. Fərdi uçotun məqsədləri aşağıdakılardır:

2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması;

2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; [2]

2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması;

2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; [3]

2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi;

2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. [4]

Maddə 3. Fərdi uçotun təşkilinin əsas prinsipləri

3.0. Fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir:

3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; [5]

3.0.2. hər bir sığortaolunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi;

3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması;

3.0.4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadəsinin yolverilməz olması;

3.0.5. sığortaolunanın bütün əmək fəaliyyəti dövründə fərdi uçotun həyata keçirilməsi.

 

II fəsil

FƏRDİ UÇOTUN TƏŞKİLİ

Maddə 4. Fərdi uçotu həyata keçirən orqan

Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.

Maddə 5. sığortaolunanın fərdi şəxsi hesabı

5.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır.

5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:

5.2.1. sosial sığorta nömrəsi;

5.2.2. adı, atasının adı, soyadı (sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir)[6]

5.2.3. doğulduğu il, ay, gün;

5.2.4. doğulduğu yer;

5.2.5. cinsi;

5.2.6. daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı; [7]

5.2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı; [8]

5.2.8. vətəndaşlığı;

5.2.9. telefon nömrəsi;

5.2.10. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti; [9]

5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); [10]

5.2.12. sığortaedən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);

5.2.13. işsizlikdən sığorta ödənişi ödənildiyi müddətlər; [11]

5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət; [12]

5.2.15. əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.

5.2.16. sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək

əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış əmək pensiyası kapitalı haqqında məlumat;

5.2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;

5.2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;

5.2.19. sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat. [13]

5.3. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dəqiqləşdirilməlidir.

5.4. sığortaolunanın fərdi şəxsi hesabı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.

5.5. sığortaolunan öldükdə, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.2 - 5.2.7-ci maddələrində olan məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.

5.6. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır.

Maddə 6. Dövlət sosial sığorta şəhadətnaməsi

6.1. Dövlət sosial sığorta şəhadətnaməsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.1 - 5.2.5-ci maddələrinə uyğun olaraq sosial sığorta şəhadətnaməsinin hazırlanmasını və sığortaolunana verilməsini təmin edir.

6.3. Əmək fəaliyyəti olan sığortaolunanlar dövlət sosial sığorta şəhadətnaməsini öz sığortaedənləri vasitəsilə, özü-özünü sığortaedən şəxslər isə yaşadıqları ərazi (yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan) üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanından bir ay müddətində alırlar. [14]

6.4. Ailə başçısını itirməyə görə əmək pensiyası alan yetkinlik yaşına çatmamış şəxslər istisna olunmaqla, qanunvericiliyə uyğun olaraq müvafiq əmək fəaliyyəti yaşı həddinə çatmayanlar məcburi dövlət sosial sığortasının subyekti ola bilməzlər.

6.5. sığortaolunanların bu Qanunun 5.2.2 - 5.2.5-ci maddələrində göstərilmiş məlumatlarında dəyişiklik olduqda, həmin dəyişikliklər bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunan qaydalar üzrə onun fərdi şəxsi hesabında öz əksini tapmalıdır. Bu halda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunana həmin sosial sığorta nömrəsi ilə yeni dövlət sosial sığorta şəhadətnaməsini (əvvəlcə verilənin əvəzinə) verir.

6.6. Dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi halda:

6.6.1. əmək fəaliyyəti olan sığortaolunan, dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində müraciət etməlidir;

6.6.2. əmək fəaliyyəti olmayan sığortaolunanlar, eləcə də özü-özünü sığortaedən şəxslər dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə ilk dəfə fərdi uçot sistemində qeydiyyata durduğu fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində şəxsən müraciət etməlidirlər;

6.6.3. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu gündən bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onun sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də özüzünü sığortaedən şəxslərə isə şəxsən verilir. Bu zaman dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunandan bu Qanunun 5.2.2—5.2.8-ci maddələrində göstərilən məlumatlan dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir. [15]

6.7. Dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının alınması barədə sığortaolunanın ərizəsinin forması və təqdim olunma qaydası dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [16]

Maddə 7. Sığortaolunanlar haqqında məlumatların təqdim olunması [17]

7.1. İşəgötürən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.[18]

7.2. Öz-özünü sığortaedən şəxs özü haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. [19]

7.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına, onun tərəfindən təsdiqlənmiş sənəd formalarına və təlimatlara müvafiq surətdə təqdim olunur.

7.4. Göstərilən məlumatlar həm yazılı sənəd formasında, həm də məlumatın düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında) təqdim edilməlidir. Eyni zamanda, bu məlumatlar rabitə kanalları vasitəsilə də təqdim edilə bilər. Bu halda təqdim olunan sənədlərin hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə elektron imza ilə təsdiq olunmalıdır. İnformasiyanın elektron formada təqdim olunmasının mümkünlüyü məsələsi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı və hər bir sosial sığorta ödəyicisi ilə birgə həll olunur. [20]

7.5. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan məlumatların surətləri sığortaedəndə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsdə saxlanılır. Bu sənədlərin sığortaedəndə saxlanılması mühasibat uçotu və hesabatı sənədlərinin saxlanılması üçün müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir. [21]

7.6. Sığortaedən sığortaolunanlar haqqında bu Qanunun 5.2.1—5.2.9-cu maddələrində göstərilən məlumatları aşağıdakı hallarda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir: [22]

7.6.1. sığortaolunan ilk dəfə əmək fəaliyyətinə başladıqda;

7.6.2. dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda;

7.6.3. sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə;

7.6.4. sığortaolunan haqqında məlumatlar dəyişildikdə.

7.7. Sığortaolunanlar haqqında bu Qanunun 5.2.1—5.2.9-cu maddələrində
göstərilən məlumatlar aşağıdakı qaydada təqdim edilir:

7.7.1. ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunan barədə məlumatlar bir ay müddətində sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;[23]

7.7.2. özü-özünü sığorta edən şəxs tərəfindən özü haqqında məlumatlar bir
ay müddətində daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlər
isə məskunlaşdıqları yerin ünvanı üzrə dövlət sosial sığorta sistemində fərdi
uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.3. dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda, bu şəxslər barədə məlumatlar bir ay müddətində sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;[24]

7.7.4. sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə, bu Qanunun 6.6-cı maddəsində müəyyən olunmuş qaydada;

7.7.5. sığortaolunan barədə məlumatlar dəyişildikdə, dürüstləşmiş məlumatlar sığortaedən tərəfindən 14 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına.[25]

7.8. Sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.[26]

7.9. Sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir:

7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi;

7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı;

7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının
hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə);

7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə).

7.10. Bu Qanunun 7.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlarla bərabər əmək şəraitinə görə güzəştli staj müddətinə malik sığortaolunanları olan sığortaedənlər həmin sığortaolunanların siyahısmı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.11. Sığortaedən ləğv olunduğu və ya fəaliyyətini dayandırdığı halda, sonuncu məlumat təqdim edildiyi dövrdən ləğv olunduğu və ya fəaliyyətini dayandırdığı günədək olan dövr üçün hər bir sığortaolunana dair bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.12. Əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.13. Sığortaolunan işdən azad edildikdə, sonuncu məlumat təqdim olunan
dövrdən sığortaolunanın işdən azad edildiyi günədək olan dövr üçün bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatlar sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ümumi qaydada, sığortaolunana isə həmin gün təqdim edir.

 

III fəsil

SIĞORTAOLUNANIN, İŞƏGÖTÜRƏNİN VƏ DÖVLƏT SOSİAL SIĞORTA SİSTEMİNDƏ FƏRDİ UÇOTU HƏYATA KEÇİRƏN MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 8. sığortaolunanın hüquq və vəzifələri

8.1. sığortaolunan aşağıdakı hüquqlara malikdir:

8.1.1. yaşayış və ya iş yeri üzrə dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında fərdi şəxsi hesabında əks olunan məlumatları almaq;

8.1.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına onun özü haqqında fərdi uçot üçün sığortaedənin təqdim etdiyi məlumatların surətini sığortaedəndən almaq;

8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə ərizə ilə müraciət etmək; [27]

8.1.4. bu Qanunla müəyyən olunmuş qaydada fərdi şəxsi hesabında əks olunan məlumatlar dəyişdikdə, ərizə ilə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə müraciət etmək. [28]

8.2. sığortaolunanın aşağıdakı vəzifələri vardır:

8.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşmək;[29]

8.2.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Qanuna əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etmək;

8.2.3. dövlət sosial sığorta şəhadətnaməsini almaq, onu saxlamaq və sığortaedənin, fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələbinə görə təqdim etmək.

Maddə 9. İşəgötürənin hüquq və vəzifələri

9.1. İşəgötürən aşağıdakı hüquqlara malikdir:

9.1.1. sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək;

9.1.2. sığortaolunanlar haqqında verilmiş məlumatları dəqiqləşdirmək, onlara əlavələr etmək və bu barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.

9.2. İşəgötürənin vəzifələri aşağıdakılardır:

9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək;

9.2.2. hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək;

9.2.3. sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq.

Maddə 10. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquq və vəzifələri

10.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hüquqlara malikdir:

10.1.1. İşəgötürəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

10.1.2. İşəgötürənin, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; [30]

10.1.3. İşəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək.

10.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır:

10.2.1. İşəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək;

10.2.3. pensiya təyin edən orqana, onun sifarişinə əsasən, pensiya təyin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək;[31]

10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.

 

IV fəsil

YEKUN MÜDDƏALAR

Maddə 11. Fərdi uçot məsələləri üzrə mübahisələrin həll edilməsi qaydası

Dövlət sosial sığorta sistemində fərdi uçot məsələləri üzrə yaranan mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.

Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 27 fevral 2001-ci il

№ 221-IIQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 466)

2. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

3. 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071)

4. 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

5. 24 aprel 2018-ci il tarixli 1079-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2018-ci il, № 110)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə mətn üzrə ismin müvafıq hallarında "işəgötürən" sözü ismin müvafiq hallarında "sığortaedən" sözü ilə, "pensiya" sözü "əmək pensiyası" sözləri ilə, "sığorta olunan" sözləri "sığortaolunan" sözü ilə əvəz edilmişdir.

 

[2] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 2.0.2-ci maddədə "əməkhaqqı (gəlir)" sözləri "məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər" sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 2.0.4-cü maddədə "hesablarına köçürülməsinə" sözləri "hesablarında əks olunmasına" sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 2.0.6-cı maddədə "köçürülən" sözü "ödənilən" sözü ilə əvəz edilmişdir.

 

[5] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 3.0.1-ci maddədə "təminat" sözü "sığorta" sözü ilə əvəz edilmişdir.

 

[6] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.2-ci maddədən "(sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir)" sözləri çıxarılmışdır.

 

[7] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.6-cı maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

daimi yaşadığı yerin ünvanı;

 

[8] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.7-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi;

 

[9] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5.2.10-cu maddədə "dövlət" sözü çıxarılsın və "ümumi iş stajı dövrü" sözləri "sosial sığorta stajı" sözləri ilə əvəz edilmişdir.

 

[10] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.11-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və ya gəlir (sığorta stajının hər ayı üçün);

 

[11] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.12-ci maddədə "və sığorta olunan" sözləri çıxarılmışdır, "köçürülmüş" sözü "ödənilmiş" sözü ilə əvəz edilmişdir.

 

24 aprel 2018-ci il tarixli 1079-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2018-ci il, № 110) ilə 5.2.13-cü maddəsində “işsizliyə görə müavinət” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.14-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

məcburi dövlət sosial sığorta haqları hesablanmayan, lakin ümumi əmək stajına daxil edilən hərbi xidmət, təhsil və qanunvericilikdə nəzərdə tutulan digər müddətlər;

 

[13] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə yeni məzmunda 5.2.16-5.2.19-cu maddələr əlavə edilmişdir.

 

[14] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 6.3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

sığortaolunan (o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs) dövlət sosial sığorta şəhadətnaməsini fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından alır.

 

[15] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 6.6-cı maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.6. Dövlət sosial şəhadətnaməsi itirildiyi halda:

6.6.1. sığortaolunan (o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs) dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi gündən bir ay müddətində onun bərpası barədə ərizə ilə, fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir;

6.6.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaolunana dövlət sosial sığorta şəhadətnaməsinin itirilməsi barədə ərizəsinə əsasən, müraciət olunduğu gündən bir ay müddətində onun adına açılmış fərdi şəxsi hesabın nömrəsilə həmin sosial sığorta şəhadətnaməsinin dublikatı şəxsən verilir. Bu məsələnin həlli üçün dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunandan bu Qanunun 5.2-ci maddəsində göstərilən məlumatları əlavə tələb etmək hüququna malikdir.

 

[16] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 6.7-ci maddədə "Yeni dövlət sosial sığorta şəhadətnaməsinin (itirilmişin əvəzinə)" sözləri "Dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının" sözləri ilə əvəz edilmişdir.

 

[17] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7-ci maddənin adı yeni redaksiyada verilmişdir.

 

[18] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1-ci maddədən "qeydiyyatdan keçdikləri" sözləri çıxarılmışdır.

 

[19] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7.2-ci maddədə "Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan" sözləri "Öz-özünü sığortaedən" sözləri ilə əvəz edilmişdir.

 

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.2-ci maddədən "şəxsən" sözü çıxarılmışdır.

 

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.2-ci maddədən "qeydiyyatdan keçdiyi" sözləri çıxarılmışdır.

 

[20] 15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 466) ilə 7.4-cü maddənin ikinci cümləsindən “rəqəmlə ifadə olunmuş” sözləri çıxarılmışdır.

19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7.4-cü maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Göstərilən məlumatlar həm yazılı sənəd formasında, həm də məlumatın düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında və rabitə kanalları ilə) təqdim edilə bilər.

[21] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7.5-ci maddənin birinci cümləsində "və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsdə" sözləri çıxarılmışdır.

 

[22] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə yeni məzmunda 7.6 —7.13-cü maddələr əlavə edilmişdir.

 

[23] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.7.1-ci maddədə "qeydiyyatdan keçdikləri" sözləri çıxarılmışdır.

[24] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.7.3-ci maddədə "qeydiyyatdan keçdiyi" sözləri çıxarılmışdır.

[25] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.7.5-ci maddədə "qeydiyyatdan keçdiyi" sözləri çıxarılmışdır.

[26] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.8.-ci maddədə "qeydiyyatdan keçdikləri"sözləri çıxarılmışdır.

[27] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 8.1.3-cü maddədə "hesabına yazılan" sözləri "hesabında əks olunan" sözləri ilə əvəz edilmişdir.

[28] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 8.1.1-ci və 8.1.4-cü maddələrdə "yazılan" sözü "əks olunan" sözləri ilə əvəz edilmişdir.

 

[29] 1 fevral 2008-ci il tarixli Qanun (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 8.2.1-ci maddədə " qeydiyyatdan keçmək" sözləri "uçota düşmək" sözləri ilə əvəz edilmişdir.

 

[30] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 10.1.2-ci maddədə ", eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin" sözləri çıxarılmışdır.

 

[31] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 10.2.3-cü maddə çıxarılmışdır.

 

Joomla 1.5